ÜMUMİ MƏLUMAT

2018-ci ilin IV rübündən etibarən məcburi dövlət sosial və işsizlik sıgortası üzrə hesabatlar Vergilər Nazirliyinə təqdim olunmalıdır. Bu məqsədlə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalının elektron xidmətlərə giriş səhifəsində “Sosial və işsizlikdən sığorta üzrə bəyannamə” adlı yeni alt bölmə yaradılmışdır. Qeyd edilən hesabatları göndərmək üçün gücləndirilmiş elektron imza (o cümlədən, Asan İmza) tələb olunur.

Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəzi fəaliyyət növləri üzrə (0701, 0702, 0703, 0704, 0710, 0711, 0712, 0713, 0714, 0720, 0721, 0722, 0723, 0724, 0730, 0731, 0732, 0733, 0734) Vergilər Nazirliyindən əldə etmiş istifadəçi kodu, parol və şifrə ilə də sistemə daxil olaraq bəyannamə təqdim edə bilərlər.

Hesabatların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilə bilər:

“Onlayn rejimdə” - hüquqi və fiziki şəxslər İnternet Vergi İdarəsi portalının “GİRİŞ” düyməsini sıxmaqla elektron xidmətlər bölməsinə daxil olur. Sistemə gücləndirilmiş elektron imza ilə autentifikasiya olunmaq üçün “Asan İmza” və ya “e-İmza” bölmələrindən biri seçilir, fiziki şəxsin fəaliyyət növü gücləndirilmiş elektron imza olmadan sistemə daxil olmağa imkan verərsə, o zaman “İstifadəçi kodu/Parol/Şifrə” bölməsindən istifadə olunur. Sonra “Bölmə” siyahısından “Sosial və işsizlikdən sığorta üzrə bəyannamə” alt bölməsi seçilərək “Daxil ol” düyməsi sıxılır. Bundan sonra istifadəçi sistemə daxil olur və onlayn rejimdə müvafiq hesabat növünü Vergilər Nazirliyinə təqdim edə bilir.

“Oflayn rejimdə” - Hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatların “oflayn rejim”də hazırlanması üçün tələb olunan dəyişikliklər “Bəyannamə Tərtibatı Proqramı (BTP)” proqramının tərkibinə əlavə edilmişdir. Bunun üçün “e-Bəyannamə” menyusunun “Lazımlı proqramlar” alt menyusu vasitəsilə BTP-nin 2.0 versiyasını (əgər BTP kompüterə qurulmuşdursa 2.0 versiyasını yenidən qurmağa ehtiyac yoxdur) və v3.8.4 Patch (əlavə və düzəlişlər) kompüterinizə endirərək qurmağınız lazımdır. Sonra tələb olunan hesabat forması bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlanır, paketlənir və yuxarıda “Onlayn rejimdə” göstərildiyi kimi sistemə daxil olunur. Paket faylı “Paket göndər” düyməsi vasitəsilə sistemə yüklənilir. Yükləmə zamanı sistem tərəfindən hesabata unikal seriya və nömrə verilir və həmin hesabat “Qaralama” qovluğuna düşür. Burada həmin hesabat üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron hesabat onlayn rejimdə imzalanaraq göndərilir.