ÜMUMİ MƏLUMAT

 
       
   

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.01.2010-cu il tarixdən etibarən elektron vergi hesab-fakturaların (EVHF) tətbiqinə başlanılmış və bu məqsədlə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) müvafiq altsistem (bölmə) yaradılmışdır. Həmin tarixdən etibarən vergi ödəyiciləri EVHF-lərni portal vasitəsilə təqdim etməlidirlər. Vergi ödəyiciləri EVHF-ləri aşağıdakı iki üsulla hazırlaya bilərlər:

 
   
    • “Onlayn rejimdə” -  vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsindən (Asan İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “Elektron VHF” altbölməsinə daxil olur və onlayn rejimdə EVHF-ni tərtib edərək digər vergi ödəyicisinə təqdim edir. O, bu altsistem vasitəsilə EVHF-nin ləğvini, dəqiqləşdirilməsini, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatların daxil edilməsini və digər əməliyyatları da həyata keçirə bilər. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə yalnız EVHF-ni hazırlaya bilər, EVHF-nin əvəzləşdirilməsi məlumatını göndərə bilər, lakin EVHF-nin özünü göndərə bilməz.
 
   
    • “Oflayn rejimdə” - vergi ödəyicisi EVHF-ni tərtib etmək üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - eFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin “e-Vergi hesab-fakturası” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan EVHF-ləri bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını oflayn rejimdə “Asan DOC client” və ya “e-İmzalayıcı” proqramların biri vasitəsilə imzalayır (“Asan DOC client” proqramını www.asanimza.az, “e-İmzalayıcı” proqramını isə www.e-imza.az saytlarından endirmək olar). İstifadəçi paket faylını ASANDOC portalı vasitəsilə də imzalaya bilər. Sonda gücləndirilmiş elektron imza vasitəsindən (Asan İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “Elektron VHF” altbölməsinə daxil olur və imzalanmış “adoc” və ya “edoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən EVHF-lərə unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar onlayn rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda EVHF-ni təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.